Dövlət Pedaqoji Universiteti təhsil ixtisası üzrə magistraturada beynəlxalq ikili diplom proqramı elan edir
Bakı, 4 fevral, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasındakı sazişə əsasən növbəti tədris ili üçün magistraturada beynəlxalq ikili diplom proqramı elan olunur.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, əsas hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.
Proqram üzrə CVU tərəfindən təhsil və insan inkişafı, təhsil siyasəti və liderlik ixtisasları, ADPU tərəfindən isə menecment (təhsilin təşkili və idarəolunması) ixtisası tədris olunacaq.
İyirmi beş nəfər proqramda iştirak etmək imkanı əldə edəcək. Proqram iki il müddətində ingilis dilində tədris olunacaq.
Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında aparılacaq. Müsabiqədə bakalavriat səviyyəsinin təhsil, humanitar və sosial, iqtisadiyyat, idarəetmə və təbiət ixtisaslarından birini bitirən şəxslər iştirak edə bilərlər.
Proqramda iştirak etmək üçün müvafiq sənədlər təqdim olunmalıdır.
Müraciətlərin qəbulu marın 15-dək davam edəcək. 2019-2023-cü illər Dövlət Proqramı ilə bağlı suallar [email protected] ünvanına göndərilməlidir. Telefon: (012) 493 23 84