DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ TÜRKİYƏDƏ MÜHÜM GÖRÜŞLƏR KEÇİRMİŞDİR
DAK-ın sədri, professor Cavad Deraxti AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, təşkilatın nümayəndələrinin Türkiyə Milli Təhlükəsizlik Strategiyaları Araşdırma Mərkəzi (TÜSAM), Qlobal Strategiya İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyində görüşləri, azərbaycanlı tələbələr, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçəli, Böyük Birlik Partiyası sədrinin müavini Ərtoğrul Oqan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Haluk İpəklə danışıqları ölkələrimizin diasporları və ictimai-siyasi təşkilatları arasında əlaqələrin gücləndirilməsi baxımından səmərəli olmuşdur. O demişdir ki, dünya azərbaycanlılarının dayağı və ümid yeri olan Azərbaycan dövlətinin haqq səsini beynəlxalq təşkilatlara çatdırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ölkəmizin ədalətli mövqeyini təbliğ etmək üçün Avropa ölkələrində mitinq və nümayişlər keçirmək istiqamətində mühüm addımlar atılır və bu tədbirlər daha intensiv xarakter alacaqdır.
DAK nümayəndələri ölkəmizin Ankaradakı səfiri Zakir Həşimovla da görüşmüşlər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş həmvətənlərimizi salamlayan səfir qardaş ölkədəki diplomatik korpusun diaspor fəaliyyətinin gücləndirilməsi, erməni təbliğatına qarşı təsirli tədbirlər görülməsi sahəsində aparılan məqsədyönlü işlərdən ətraflı danışmışdır.
Ankara görüşlərində Milli Məclisin deputatı Həvva Məmmədova və Prezidentin İcra Aparatının məsul işçisi Qafar Əliyev iştirak etmişlər.
Sonra DAK nümayəndələri İstanbula yola düşmüşlər. Onlar burada da bir sıra mühüm tədbirlərdə iştirak edəcək, Azərbaycan dərnəklərinin rəhbərləri ilə görüşlər keçirəcəklər.