SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARININ BİRLİYİNƏ NAİL OLACAĞIQ
Bu sözləri komitənin sədri Nazim İbrahimov dekabrın 30-da rəhbərlik etdiyi qurumun gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında demişdir. Natiq bildirmişdir ki, Dünya Azərbaycanlılarının Bakı qurultayından sonra diaspor təşkilatlarının iştirakı ilə Almaniyanın Maynts və Türkiyənin İzmir şəhərlərində iki böyük tədbir keçirilmişdir. Bu gün Rusiyada, Ukraynada, Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələrində, Avropa, Kanada və ABŞ-da güclü diaspor təşkilatlarımız mövcuddur. Buna baxmayaraq, hələlik tam birliyə nail olunmamışdır. Prezident Heydər Əliyevin cismən bizdən ayrılması xaricdə yaşayan soydaşlarımızı çox məyus etmişdir. Amma Azərbaycanda xalqın istək və arzusu ilə hakimiyyətə Heydər Əliyev ideyalarının layiqli davamçısı İlham Əliyevin gəlməsi və onun ümummilli liderimizin siyasi kursunu ləyaqətlə davam etdirməsi onların və bizim əzmimizi artırır. Buna görə də, inamla demək olar ki, yaxın gələcəkdə biz öz istəyimizə çatacaq və dünya azərbaycanlılarını bir məqsəd - Azərbaycan naminə birləşdirə biləcəyik.
2004-cü il yanvar ayının 30-31-də ABŞ-da Amerika-Türk Assosiasiyaları Assambleyasının qurultayı keçiriləcək. Türkiyə, Azərbaycan və ABŞ–ın yüksək vəzifəli dövlət rəsmilərinin iştirak edəcəyi bu tədbirin ikinci günü Azərbaycana həsr olunacaqdır.
Nazim İbrahimov Dünya Azərbaycanlıları Konqresinin parçalanması faktına da münasibət bildirmişdir. O demişdir ki, bəzi maraqlı qüvvələrin DAK-dan öz siyasi məqsədləri üçün istifadə etməsi bu qurumun tam parçalanmasına səbəb olacaqdır.
Sonda Nazim İbrahimov Azərbaycan xalqını və dünyanın hər yerinə səpələnmiş soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etmişdir.