Dünya Bankı Kot-d'İvuara 6 milyard dollar ayıracaq
Bakı, 5 aprel, AZƏRTAC
Dünya Bankı iqtisadi artımın sürətləndirilməsi, enerji keçidi və maliyyə vasitəsilə Kot-d'İvuarın inklüziv inkişafını dəstəkləmək üçün 6 milyard dollar ayıracağını elan edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 62 layihəni əhatə edən paketi Baş nazir Robert Beuqre Mambe ilə Dünya Bankı qrupunun çoxtərəfli investisiya zəmanəti agentliyinin icraçı vitse-prezidenti Hiroşi Matano açıqlayıb.
Matano bildirib ki, dəstək paketi çərçivəsində rəqəmsal infrastruktur, nəqliyyat, tibb və iqlim sahələrində bir sıra layihələr həyata keçiriləcək.
"Biz inanırıq ki, yeni zəmanət platforması hökumətə resursları yüksək təsirli layihələrə yönəltmək və Kot-d'İvuarda davamlı inkişaf üçün genişmiqyaslı, transformativ proqramları dəstəkləmək üçün özəl sektor investisiyalarını səfərbər etməyə imkan verəcək", - deyə Hiroşi Matano əlavə edib.
Qeyd edək ki, çoxtərəfli investisiya zəmanəti agentliyinin missiyası transsərhəd investorlara və kreditorlara siyasi risklərdən sığorta və kreditin genişləndirilməsi kimi spesifik təminatlar verməklə, inkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiya axınını asanlaşdırmaqdan ibarətdir.