DÜNYA XALQLARI, DÖVLƏTLƏRİ, PARLAMENTLƏRİ VƏ BEYNƏLXALQ TƏŞKİLATLAR XOCALI FACİƏSİNƏ BİGANƏ QALMAMALIDIRLAR
Bakı, 25 fevral (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır. Müraciətdə deyilir ki, bəşəriyyət insanlığa qarşı cinayətləri daim nifrətlə damğalamış, qatillərin əməllərini həmişə lənətləmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Xocalı faciəsini törədənlər hələ də ədalət mühakiməsinə cəlb edilməmiş, misli görünməmiş bu soyqırımı siyasi qiymətini almamışdır.
Bəşəriyyətin qan yaddaşında ikili standartların yolverilməz olduğunu, lakin artıq on səkkiz ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsinin bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilmədiyini qeyd edən A.Paşazadənin müraciətində bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc, müdafiəsiz əhalisinin erməni hərbi birləşmələrinin amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirə bilməz.
Müraciətdə deyilir ki, erməni cəlladlar törətdikləri cinayətlərə görə hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmamışdır. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlını qətlə yetirmiş erməni cəlladlar daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək üstünlük ədalətə deyil, erməni lobbisinin maraqlarına veriləcəkdir?!
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müraciətində deyilir: “Üzümü dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına tutaraq, Azərbaycana qarşı erməni təcavüzünə və vəhşiliklərinə prinsipial qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram”.