CƏMİYYƏT
Ədliyyə Nazirliyində sahibkarlıq subyektləri ilə görüş
Mübahisələrin həlli sahəsində daha işlək və müasir mexanizm hazırlanır
Bakı, 12 avqust, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun Ədliyyə Nazirliyinin inzibati binasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri ilə görüşü keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində İşçi Qrupunun rəhbəri, nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və İşçi Qrupunun digər üzvləri tərəfindən sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupunun fəaliyyətində görmək istədikləri islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrupu tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat verilib.
Qeyd olunub ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin təmin edilməsi istiqamətində İşçi Qrupu tərəfindən mühüm islahatlar aparılır.
Görüşdə bildirilib ki, icra hərəkətlərinin həyata keçirilməsində nağdsız hesablaşmaların tətbiqi, borclunun elektron pul təşkilatlarında olan vəsaitlərinə tutmanın yönəldilməsi, icra sənədlərinin icrasından yayınan hüquqi şəxslərin rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması, habelə onların axtarışının təşkili ilə bağlı və digər layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, icra sisteminin maksimum rəqəmsallaşdırılması, bir sıra icra hərəkətlərinin tam avtomatlaşdırılması və icra sənədlərinin icrasında operativliyin təmin edilməsi məqsədilə “Elektron icra” informasiya sisteminin təkmilləşdirilməsi sahəsində işlərin aparıldığı bildirilib.
Həmçinin vurğulanıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayı artırılaraq “İcra məmuruna elektron müraciət” xidməti istifadəyə verilib. Yeni xidmətdən istifadə etmək üçün nazirliyin rəsmi internet səhifəsində “Dövlət xidmətləri” bölməsindən “İcra xidmətləri” hissəsinə keçid etməklə vətəndaşlar FİN və doğum tarixi əsasında sorğu verərək özlərinin tərəf olduqları icra işləri barədə məlumatları əldə edə, seçdikləri işlə bağlı icra məmuruna müraciət edə, habelə zəruri sənədləri həmin müraciətə əlavə edə bilərlər.
Eyni zamanda, qeyd olunub ki, “Vahid məhkəmə portalı”nın yeni versiyası formalaşdırılaraq istifadəyə verilib. Burada, həmçinin geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə statistikası” bölməsi yenilənərək yeni statistik göstəricilər əlavə edilib.
Görüşdə, həmçinin mübahisələrin alternativ həlli mexanizmlərindən olan mediasiya sisteminin elektronlaşdırılması üzrə də işlərin yekunlaşma mərhələsində olduğu bildirilib. E-mediasiya portalının hazırlandığı və onun çox az ölkə istisna olmaqla analoji modelinin mövcud olmadığı, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi diqqətə çatdırılıb.