Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi tədris ilini uğurla başa vurub
Bakı, 30 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 2020-2021-ci tədris ilini uğurla başa vurub.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə şagirdləri Elnur Əliverdiyev, Eldar Hüseynov və Nuray Adbullayeva Qazaxıstanda keçirilmiş “Astana vision contest” beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində I dərəcəli “laureat” adına layiq görülüb. Qarmon ixtisası üzrə şagird Murad Abdullayev Moskva şəhərində keçirilən "Muzıkalnıy rassvet" instrumental ifaçılıq üzrə beynəlxalq müsabiqədə “Qran-Pri” mükafatı alıb. Eldar Hüseynovun daha bir uğuru “Muzıkalnıy rassvet” adlı müsabiqədə birinciliyi olub. May ayında məktəb daha bir xoş soraq alıb. ABŞ-da keçirilmiş “American edition contest” müsabiqəsində Xədicə Balabəyova III yeri qazanaraq diplomla təltif olunub. Azərbaycanda keçirilən Respublika Uşaq Gənclər Birliyinin təşkil etdiyi “3 alov“ beynəlxalq müsabiqədə məktəbin şagirdləri II, III yerə layiq görülüblər, “Qanunçalanlar” ansamblı isə II yeri qazanaraq diplomla təltif olunub.
Fortepiano şöbəsində təhsil alan şagird Amirə Əliyeva Macarıstanın Budapeşt şəhərində keçirilən “Best of the Best” beynəlxalq müsabiqəsində l yeri, II sinif şagirdi İbrahim Əhmədov isə II yeri tutaraq “Laureat” adına layiq görülüb. Fransanın Paris şəhərində təşkil olunan “Le Ciel De Paris” III beynəlxalq onlayn festival-müsabiqədə Duyğu Ziyalı II yerə çıxıb. Onun növbəti uğuru Sara Teyyublu ilə birlikdə qoşulduğu Danimarkanın Kopenhagen şəhərində keçirilən "Pease and Friendship" beynəlxalq müsabiqəsində olub. Hər iki şagird müvafiq olaraq I və II yerlərə layiq görülüblər.
Məktəblilər “Fiestalonia Milenio” təşkilatının İspaniyada təşkil etdiyi “Music Box” instrumental ifaçıların yarışmasında l yerə layiq görülərək diplomla və "Music Box" müsabiqəsinin mükafatına, 2022-ci ilin may ayında keçiriləcək "Sea Sun” festivalında iştirak hüququna layiq görülüblər. II sinif şagirdi Aydan Hüseynova Madrid şəhərində keçirilən "Spain Star Production” beynəlxalq müsabiqəsində II yeri tutub. Nuray Manafova isə İtaliyanın Roma şəhərində “Star of the Rome” yarışmasında gücünü sınayıb və II yeri tutaraq "Laureat" adına layiq görülüb. Ümumrusiya mədəniyyət mərkəzinin keçirdiyi “Новые имена” onlayn müsabiqədə Şumanın “Oxatanlar” mahnısı ilə iştirak edən Əminə Nəcəfli I yerə, I sinif şagirdi Mehin Hacıyeva isə Beynəlxalq Yaradıcılıq və İstedadlara Dəstək Mərkəzinin təşkil etdiyi "Музыкальный рассвет" müsabiqədə II yerə layiq görülüb və diplomla təltif edilib.
Simli alətlər şöbəsində təhsil alan Neylor Çarlz Emin İspaniyada keçirilən ”World Art Games” müsabiqəsində II yerə, Leyla Əfəndiyeva və Rada Ramazanova II yerə, Fərid Ziyalı və Mail Manafov l yerə layiq görülərək diplomla təltif olunublar. Portuqaliyada keçirilən “Lisbon Art” beynəlxalq onlayn müsabiqədə birincilik yenə də məktəbin şagirdlərinin olub. Azərbaycanda keçirilən Respublika Uşaq Gənclər Birliyinin təşkil etdiyi “3 alov“ beynəlxalq müsabiqəsində məktəbi təmsil edən Fərid Ziyalı və vokalçı Mail Manafov ll yeri qazanıb. Rusiyada keçirilən "4 strunı" onlayn müsabiqədə Varvara Bikmansurova ll yerə layiq görülərək diplomla mükafatlandırılıb.