SİYASƏT
Ekologiya həyatdır, onu məhv etmək olmaz – aksiya yerindən REPORTAJ










Şuşa, 22 dekabr, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinq aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası bu gün gecə saatlarında da davam edib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aksiyada qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoaktivistlər və vətəndaş cəmiyyətinin üzvləri iştirak edirlər. Onlar bildirirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.
Aksiyaya qoşulan könüllülər gecə saatlarında havanın soyuq olmasına baxmayaraq, yüksək vətənpərvərlik əhvali-ruhiyyəsindədirlər. Onlar plakatlarda rus və ingilis dillərində yazılmış “Ekoterrora son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekocinayətə son” şüarlarını səsləndiriblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Əlikram Əkbərov aksiyada iştirakının səbəbini belə izah edir: “Biz Azərbaycan gəncləri və könüllülər olaraq vətənimizin sərvətlərinin müdafiəsinə qalxmışıq. Vətəndaşlarımız ekologiyamıza qarşı törədilən vandalizmi əsla qəbul etməyəcək və susmayacaq”.
Müsahibimiz söyləyir ki, dünyada qlobal istiləşmənin müzakirə olunduğu bir vaxtda təbii sərvətlərimizin qanunsuz istismarı yolverilməzdir. “Biz tələb və istəklərimiz qəbul olunana qədər var gücümüzlə çalışacağıq. Ekologiya həyatdır, onu məhv etmək olmaz”, - deyə aksiya iştirakçısı söyləyib.
Aksiyanın siyasiləşdirilməsi yolverilməzdir
Bu aksiya siyasi xarakter daşımır. Aksiyanın siyasiləşdirilməsi qəti yolverilməzdir. Bəzi dairələr, xüsusən Ermənistan tərəfində belə təxribatlar müşahidə olunur. Ermənistan mətbuatında yayılan məlumatların heç bir əsası yoxdur.
“Burada çoxlu insan var. Hamı yaxşı görür və müşahidə edir ki, aksiyada heç bir siyasi şüarlar səsləndirilmir. İnsanların toplaşmasının mahiyyəti isə siyasi deyil. Biz aksiya vasitəsilə tələb edirik ki, Azərbaycan sərvətlərinin talanmasına son qoyulsun”, - aksiyanın digər könüllü iştirakçısı Vüsal Səmədli belə deyib. O əlavə edib ki, talançılıq və qanunsuzluğun baş alıb getdiyi ərazilərimiz Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxildir. Ona görə də sülhməramlılar həmin ərazilərdə qanunsuz fəaliyyətin qarşısını dərhal almalıdırlar. Sonadək haqqımızı tələb etməkdə israrlıyıq.
Laçın yolundan sərbəst keçidə heç bir maneə yoxdur
Burada iştirak edən hər bir şəxs açıq-aydın müşahidə edir ki, Laçın yolundan sərbəst keçidə heç bir maneə yoxdur. Hazırkı vəziyyəti sosial şəbəkələrdə yayılan paylaşımlardan də görmək mümkündür. Bu yol humanitar məqsədlər üçün tam açıqdır.
Aksiya ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqe iftira və yalan üzərində qurulub. Onlar Xankəndi-Laçın yolunun “bloklanması” ilə bağlı iddialar irəli sürülər. Bəzi dairələr Ermənistanın uydurduğu yalana inanır və Azərbaycan tərəfini ittiham etməyə çalışır. Ancaq dövlətimiz Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatları qətiyyətlə rədd etdi. Dövlətimiz ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu və Ermənistan tərəfinin iddialarının heç bir əsası olmadığını dünyaya bəyan etdi.
Aksiya Azərbaycanın haqlı mövqeyini ifadə edir
Aksiyanın Azərbaycan tərəfinin haqlı mövqeyi olduğunu deyən digər könüllü Raul Qafarov vurğulayıb ki, ekoloji vandalizmə və dağıdıcılığa son qoyulmalıdır.
“İşğaldan azad edilmiş bu ərazilərdə ilk dəfə olmağımla yanaşı, aksiyada iştirak etməyim mənə qürur yaşadır. Ona görə ki, qardaşım Toğrul Qafarov Vətən müharibəsi zamanı bu ərazilərin işğaldan azad olunmasında iştirak edib. Mən də bu gün xalqımızın və dövlətimizin haqq səsini dəstəkləyirəm. Aksiyamız dinc və sivil qaydada keçir. Dövlətimizin yanındayıq, mübarizəmizi sonadək aparacağıq”.
Etirazçılar səsləndirilən şüarlar praktik müstəviyə keçənədək və tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini söyləyirlər.
Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri