Ekologiya və təbii sərvətlər naziri Neftçalada 40-dək vətəndaşı qəbul edib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan 40-a yaxın vətəndaşın təklif və müraciətləri dinlənilib, şikayətlərinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciətini dinləyən nazir şikayətlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılan digər məsələlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
ETSN-in fəaliyyət dairəsinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.