İQTİSADİYYAT
Ekspert: Faizlərin aşağı salınması kreditlərə əlçatanlığın təmin edilməsi baxımdan əhəmiyyətlidir
Bakı, 7 sentyabr, AZƏRTAC
Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Belə ki, banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka krediti yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk 3 bank istisna olmaqla, digər əksər banklarda illik faiz dərəcəsi 12 faizdən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faiz hesab olunmalıdır.
“Bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır. Bu, bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır. Bu baxımdan, Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin aşağı salınması vacibdir. Bu, vətəndaşların kreditlərə əlçatanlığın təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir”, - deyə ekspert qeyd edib.