Əli Abdullayev: Bu cür sərgilər biznesimizin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir
Bakı, 5 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). Fizioterapiya mərkəzimiz təsis edildiyi vaxtdan başlayaraq biz hər il “AITF” sərgisində iştirak edirik. Bu cür sərgilər mühüm əhəmiyyət kəsb edir və biznesimizin inkişafına, habelə kompleksimizin tanınmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bakı Ekspo Mərkəzində keçirilən XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (“AİTF-2014”) iştirakçısı, Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzinin marketinq üzrə şöbə müdiri Əli Abdullayev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, xarici turoperatorların sərgidə iştirakı isə bir çox potensial müştərini şirkətimiz barədə məlumatlandırmamıza şərait yaradır.
Sərgi ziyarətçilərinə nümayiş etdirilən xidmətlər barədə məlumat verən Ə.Abdullayev bildirmişdir ki, duzlu fizioterapiya mərkəzlərində astma və bronxit xəstəliklərinin səmərəli müalicəsi hazırda bütün dünyada məşhurdur. Bizim fizioterapiya mərkəzimiz “Duzdağ” otelində yerləşir. 2008-ci ildə təsis edilmiş bu mərkəz hazırda müasir texnologiyanın bütün tələblərinə cavab verir. Mərkəzimizə Azərbaycan vətəndaşları ilə yanaşı, həm də digər ölkələrdən - MDB və Avropadan qonaqlar da gəlirlər. “Duzdağ” oteli mərkəzimizə gələn qonaqların tələblərini ödəmək üçün inşa olunmuşdur və burada müxtəlif (standart və lüks) nömrələr vardır.
Otel qonaqlarımızın istirahət və əyləncəsi üçün geniş imkanlar təklif edir. Prosedurlar əsasən axşam keçirilir. Gündüzlər isə kompleksin ərazisində yerləşən hovuzlardan, idman zalının, tennis kortunun və bilyard zalının xidmətlərindən istifadə etmək mümkündür.