SİYASƏT
Əli Məsimli: Xaos yaratmaq istəyənlər özlərini yığışdırsanlar
Bakı, 4 aprel, AZƏRTAC
Mili Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsdin məqsədi ölkədə xaos yaradılmasına, sabitliyin pozulmasına nail olmaqdır. Amma Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsinə imkan verməyəcək ki, meydan sulasınlar.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin aprelin 4-də keçirilən plenar iclasında söyləyib.
Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən əvvəl Aprel döyüşləri ilə Ermənistana mesaj ötürdü. Ölkəmiz bu döyüşlərlə bildirdi ki, qarşı tərəf özünə yığışmasa, aqibəti ağır olacaq. Elə də oldu. Vətən müharibəsi ilə Ermənistanı yerində oturtduq, düşmən kapitulyasiya aktına qol çəkməli oldu.
“İndi də ölkəmizdə xaos yaratmaq və sabitliyi pozmaq istəyənləri xəbərdar etmək lazımdır ki, artıq daşları yığmaq zamanıdır. Özlərini yığışdırsınlar, sonra pis olacaq”, - deyə Əli Məsimli vurğulayıb.