Elmi eksponatlar ilk dəfə “STEAM İnnovasiya Mərkəzi”ndə nümayiş etdirilir
Bakı, 6 yanvar, AZƏRTAC
Ölkəmizdə elm və təhsilin davamlı inkişafında, bu sahələrdə yeniliklərin tətbiqində, şagirdlərin müasir bacarıqlarının və texniki biliklərinin aşkara çıxarılmasında, gənc nəslin yeni ideyalarının reallaşdırılmasında mühüm işlər görülür, uğurlu islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas sütunlarından olan innovativ iqtisadi mühitin formalaşması üçün insan kapitalının təkmilləşdirilməsi, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. “STEAM İnnovasiya Mərkəzi”nin istifadəyə verilməsi də ölkə təhsilalanları ilə bağlı müəyyən olunmuş hədəflərə çatmaq məqsədilə yaradılıb. 2023-cü ilin ilk iş həftəsinin birinci günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak etdilər.
Elm və Təhsil Nazirliyinin “STEAM” layihəsinin rəhbəri İqrar Nəzərov bununla bağlı fikirlərini AZƏRTAC ilə bölüşüb: “Yeni istifadəyə verilən “STEAM İnnovasiya Mərkəzi”ndə elmi araşdırma, praktik təcrübələr, xüsusi bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində məşğələlərin keçirilməsi, virtual reallıq üzərində qurulan VR təhsilin tədrisi, startap layihələrin hazırlanması, innovativ texnologiyaların tətbiqi, ixtisaslı mütəxəssislərlə müxtəlif yaş qrupuna aid insanların birgə fəaliyyətinin təşkili nəzərdə tutulub. “STEAM İnnovasiya Mərkəzi”ndə yaradılmış elmi eksponatlar hissəsi ilə yanaşı, funksional otaqları da fəaliyyət göstərir və bütün yaş qruplarını (4+yaş) əhatə edir. Ümumi sahəsi 3500 kvadratmetrdən çox olan “STEAM İnnovasiya Mərkəzi” dörd mərtəbədən ibarətdir və hər mərtəbə üzrə ayrılmış məkanlar əsas konseptin müəyyən hissəsini əks etdirir. Mərkəz 4 “Nyuton elm otağı”, “Elmi eksponatlar sərgisi”, “Aviasiya akademiyası”, “İdeya laboratoriyası”, “STEAM TV”, həmçinin köməkçi və funksional sahələrdən təşkil olunub. “Nyuton otağı” aktiv elmi fəaliyyət və təcrübələrin aparılması üçün uyğunlaşdırılmış məkan olub bir neçə otaqdan ibarətdir. Funksional sahələrə ofislər, fəaliyyət sahələri, əlavə avadanlıqların yerləşdirilməsi, həmçinin əməkdaşlar üçün ayrılmış sahələr daxildir. Köməkçi sahələr müxtəlif elmi fəaliyyətlərin nümayişi, təqdimatlar, mühazirələr, toplantı və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş akt zalı/Elm teatrı, VR (Virtual Reallıq) studiyası, dron sahəsi, 3D holoqram və dükan olaraq müəyyənləşdirilib. Sərgi sahəsi kvest otaq da daxil olmaqla özündə 20 elmi eksponatı birləşdirir. İstifadəsində əsas məqsədin iştirakçılarda əhəmiyyətli bilik və bacarıqların əldə edilməsi olan elmi eksponatlar Azərbaycanda ilk dəfə olaraq “STEAM İnnovasiya Mərkəzi”ndə nümayiş etdirilir”.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib.