ELMİRA AXUNDOVA: HƏMVƏTƏNLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİNƏ DAİR KONVENSİYANIN QƏBUL EDİLMƏSİ TƏXİRƏ SALINMIŞDIR
Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları komissiyasının üzvü Elmira Axundova AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, aprelin 3-də Sankt-Peterburqda komissiyanın 2008-ci ildə ilk iclası olmuşdur.
E.Axundova demişdir ki, bizim nümayəndə heyəti üçün ən mühüm hadisə ondan ibarət olmuşdur ki, Milli Məclisin regional məsələlər komissiyasının sədri Arif Rəhimzadə yenidən yekdilliklə MDB PA-nın sosial siyasət və insan hüquqları komissiyasının sədri seçilmişdir. Bu, bizim böyük qələbəmiz və Azərbaycan deputatlarının fəaliyyətinə verilən yüksək qiymətdir, çünki Arif Rəhimzadə artıq neçə ildir ki, Parlamentlərarası Assambleyanın bu komissiyasının dəyişməz rəhbəridir.
Təşkilati məsələlərə baxıldıqdan sonra bizdən ötrü xüsusi əhəmiyyət kəsb edən bir sıra vacib məsələlər müzakirə edilmişdir. Məsələn, “Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər haqqında” model qanunun qəbul edilməsi bizim üçün çox aktual məsələdir. Bu məsələnin milli qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, biz MDB üçün belə bir model qanunun qəbul edilməsini çox zəruri hesab etdik. Xüsusən ona görə ki, həmin qanunda təsbit olunmuş bir sıra məsələlər prinsip etibarilə bizim milli maraqlara uyğundur və itkin düşmüş şəxslərin axtarışında bizə ciddi kömək edə bilər.
Deputat daha sonra bildirmişdir ki, iclasın gündəliyindəki ikinci məsələnin - xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi haqqında konvensiyanın müzakirəsi ciddi fikir ayrılıqlarına səbəb olmuşdur. Mən Azərbaycan parlamentinin üzvü kimi, eləcə də Qazaxıstandan və Ukraynadan olan həmkarlarım bu konvensiyanı tənqid edərək bildirdik ki, həmin sənəddə “həmvətənlər” anlayışının özü müəyyən edilməmişdir və kimlərin həmvətənlər ola biləcəyi aydın deyildir, sənəddə dəqiqləşdirilməli müddəalar çoxdur və onlar fikrimizcə, xaricdə yaşayan həmvətənlərlə bağlı onsuz da sadə olmayan münasibətlərə hərc-mərclik və anlaşılmazlıq əlavə edə bilər. Biz bu sənədi tənqid etdik, komissiyanın rəhbəri Arif Rəhimzadə isə bizimlə razı olduğunu bildirdi. Nəticədə həmin konvensiyanın qəbul edilməsini təxirə salmaq və onun ekspertlər tərəfindən yenidən işlənilməsi və tamamlanması üçün hüquq məsələləri komissiyasına vermək qərara alındı.