CƏMİYYƏT
Əmək hüquqlarını pozan müəssisə 20 min manat cərimələndi
Bakı, 14 avqust, AZƏRTAC
“EOS QRUP” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirməsi işinə cəlb olunması müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda, MMC-nin direktoru Hüsniyə Məmmədova barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinə göndərilib. Vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.