ƏMƏK MƏCƏLLƏSİNƏ EDİLƏCƏK ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ÖLKƏ VƏTƏNDAŞLARININ ƏMƏK HÜQUQLARININ MÜDAFİƏSİNƏ ŞƏRAİT YARADACAQDIR
Bakı, 16 fevral (AZƏRTAC). Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər ediləcəkdir. Bu dəyişikliklər Azərbaycan vətəndaşlarının əmək hüquqlarının daha mükəmməl müdafiəsinə şərait yaradacaq, qanundakı bir sıra boşluqları aradan qaldıracaqdır.
Bu barədə Milli Məclisin (MM) sosial siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının fevralın 16-da keçirilmiş birgə iclasında məlumat verilmişdir. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev demişdir ki, son 3 il ərzində Əmək Məcəlləsinin monitorinqi keçirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və digər əlaqədar təşkilatlardan 100-dən çox təkliflər alınmışdır. Həm bu təkliflərin, həm də monitorinqin nəticəsi olaraq vətəndaşların əmək hüquqlarının daha mükəmməl qorunması üçün Məcəlləyə bir sıra əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılmışdır. “Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi hazırlanmışdır.
MM Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Hacı Mirhəşim Seyid Məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, layihədə 46 maddəyə 120-dən çox əlavə və dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.
Dəyişikliklərdə mövsümi işlərdə çalışan işçilərə məzuniyyətin verilməsi, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara ödənişli məzuniyyətin vaxtının artırılması, əmək məzuniyyətlərinin verilməsində növbəlilik, yaxın qohumların toy və dəfn mərasimlərində iştirak etmək üçün işçilərə 5 təqvim gününədək məzuniyyətin verilməsi, işlədiyi müəssisə və təşkilatdan hərbi xidmətə çağırılmış şəxslərin xidməti vəzifəsini başa vurduqdan sonra əvvəlki işinə bərpa olunması və s. ciddi müddəalar əksini tapmışdır.
Sonra deputatlar Məlahət Həsənova, Azay Quliyev, Elmira Axundova, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və müvafiq nazirliklərin nümayəndələri layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan dünyada islahatçı ölkə nüfuzunu qazanmışdır. Bu dəyişikliklər bütövlükdə insan hüquq və azadlıqlarının qorunması baxımında və Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların uğurlu davamı kimi olduqca yüksək qiymətləndirilmişdir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov layihə ilə bağlı təklif və tövsiyələrini vermiş, Azərbaycanda həyata keçirilən islahatlardan danışmış, qanuna təklif olunan dəyişikliklərin həmin islahatların bir hissəsi olduğunu diqqətə çatdırmışdır.
Qanun layihəsi bəzi maliyyə tutumlu maddələr istisna olmaqla Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.