Emin Məmmədov: Azərbaycanda xalçaçılıq sənətinə, mədəni irsimizə böyük qayğı və dəstək var
Bakı, 5 may, Emil Məlikov, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 25 noyabr tarixi Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradıldığı gün - hər il mayın 5-i Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə, milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçası 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuşdur. Bu onun göstəricisidir ki, ölkə rəhbərliyi tərəfindən xalq sənətimizə, Azərbaycan xalçaçılıq sənətinə, mədəni irsimizə, tariximizə və gələcəyimizə böyük qayğı və dəstək var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Heydər Əliyev 100” adlı nadir xatirə xalçasının təqdimat mərasimində “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov deyib.
"Bu ənənələrin təməli Ulu Öndər Heydər Əliyevin zamanında qoyulmuşdur və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yaşadılaraq, davam etdirilir. 1972-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda, ümumilikdə dünyada ilk Xalça Muzeyi açılmışdır. Biz "Azərxalça” ASC olaraq, bu il üçün öz hazırlıqlarımızı görürdük. Bu gün həm İqtisadiyyat Nazirliyinin dəstəyi ilə nadir bir xalça təqdim etdik, həmçinin “Azərxalça” ASC olaraq “Can Azərbaycan” MMC ilə birlikdə ərsəyə gətirdiyimiz növbəti layihə olan "Heydər Əliyev 100” adlı unikal xatirə xalçasının təqdimatını keçirdik. Bu xalça Ümummilli Liderin 100 illiyinə həsr olunub", - deyə E.Məmmədov qeyd edib.