Erasmus+LMQ SANTE layihəsinin növbəti onlayn konfransında NDU-nun müəllimləri də iştirak ediblər
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) tərəfdaş olduğu Avropa Birliyinin Erasmus+LMQ SANTE “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn konfrans keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsindən ibarət olan layihədə NDU-nun Tibb fakültəsinin müəllimləri də təmsil olunublar.
Avropa İttifaqının layihə üzrə baş koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, Avropa eksperti Katalin İlasku iştirakçıları layihə ilə bağlı ətraflı məlumatlandırıb.
Onlayn görüş zamanı layihə çərçivəsində həyata keçiriləcək işlər, hazırlanacaq sənədlər müzakirə olunub. Layihədə tərəfdaş ölkələrin ali təhsil ocaqlarının təhsil prosesini Avropa standartlarına və Tuninq metodologiyasına uyğun hazırlanması, ikili diplom və diploma əlavələrin verilməsi, səhiyyə sektorunda keyfiyyətin daha da yaxşılaşdırılması, ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri geniş müzakirə olunub.
Görüşdə layihə ilə bağlı suallar cavablandırılıb.