ƏRƏB DÖVLƏTLƏRİ BİRLİYİNİN BAŞ KATİBİ BMT-NİN LİVANA DAİR QƏTNAMƏSİNİ DƏYİŞDİRMƏYİ XAHİŞ EDİR
Müraciətdə qətnamənin layihəsinə İsraildən öz qoşunlarını bütün Livan ərazisindən dərhal çıxarmağı tələb edən bənd əlavə olunmasının zəruriliyi nəzərə çarpdırılır.
Xatırladaq ki, avqustun 5-də ABŞ və Fransa Livan-İsrail münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının irəli sürdüyü qətnamə layihəsinin razılaşdırılmış variantını açıqlamışlar. Sənəddə münaqişə tərəfləri “düşmənçilik hərəkətlərini hərtərəfli dayandırmağa” çağırılır. Layihədə “Hizbullah” hərəkatına bütün hücumları dayandırmaq barədə xüsusi çağırış və İsrailə hücum xarakterli bütün hərbi əməliyyatları dərhal dayandırmaq haqqında çağırış vardır.
Lakin Livan İsrail ilə “Hizbullah” arasında hərbi əməliyyatları tamamilə dayandırmağa çağıran BMT qətnaməsinin ABŞ və Fransa tərəfindən təklif olunmuş layihəsini, əslində, dərhal rədd etmişdir. Rəsmi Beyrutun fikrincə, qətnamədə Livanın mənafeləri nəzərə alınmayıb. Hazırda BMT iqamətgahında sənədə rəsmi Beyrutun irəli sürdüyü düzəlişlərin fəal müzakirəsi gedir.
Livanın qərarını Suriya da dəstəkləmişdir. Suriyanın xarici işlər naziri Valid Müəllim bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının ABŞ və Fransa tərəfindən təklif olunan layihəsi yalnız İsrailin mənafelərini əks etdirir və əslində, “döyüş əməliyyatlarını davam etdirmək vasitəsidir”.
Assoşieyted Press Agentliyi xəbər verir ki, İsveç Livanın bərpası üçün maliyyə vəsaiti toplanmasına dair beynəlxalq konfrans təşkil etməyə hazır olduğunu bildirmişdir. Bunu İsveçin Baş naziri Yoran Person bəyan etmişdir. Onun sözlərinə görə, bu ideyanı Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Fransa Prezidenti Jak Şirak, BMT-nin baş katibi Kofi Annan və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana da dəstəkləmişlər. Person demişdir ki, İsveçin təklifi ilə digər ölkələrin liderləri də razılaşsalar, donor dövlətlərin konfransı yaxın bir neçə həftədə keçirilə bilər.
Qeyd etmək lazımdır ki, Livan iqtisadiyyatına olmazın ziyan vurulmuşdur. Bi-Bi-Si-nin məlumatına görə, ölkədə, demək olar, bütün körpülərın və yolların 80 faizi dağıdılmışdır. Analitiklərin hesablamalarına görə, təkcə infrastruktura bir milyard dollardan artıq məbləğdə ziyan dəymişdir. Livan iqtisadçısı Mərvan İsgəndər bildirmişdir ki, əcnəbi turistlərin və sərmayəçilərin ölkəni tərk etməsi nəticəsində ölkənin büdcəsi 600 milyon dollar, iqtisadiyyatı isə təxminən iki milyard dollar itirəcəkdir.