“Ermənistanın resurs müharibəsində perspektivsizliyi” mövzusunda videoçıxış xarici dillərdə
Bakı, 4 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda çıxışı erməni, rus və ingilis dillərinə çevrilərək yayımlanıb.
AZƏRTAC xəbər verir ki, videoda Ermənistanın provokasiyalarına cavab olaraq başlanılmış müharibədə mənfur qonşularımızın itkilərinin getdikcə artdığı bildirilir. Materialda itkilər dörd istiqamətdə qruplaşdırılır: hərbi texnika və sursat, hərbi infrastruktur, canlı qüvvə və müharibənin maliyyələşdirilməsi. Artıq Ermənistan hərbi büdcəsini daha da artırmağa hazırlaşır və bu yolla Azərbaycanın ərazilərinin işğalını davam etdirmək xülyasındadır. Militarist siyasət yürüdən Ermənistanda əhalinin hər dördündən biri yoxsuldur və adambaşına xarici borc 2 min ABŞ dollarını keçir. Ermənistanı iqtisadi, sosial və siyasi böhran təhdid edir. Videoda qeyd olunub ki, dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan Ermənistanın resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Təkcə bir müqayisəni demək kifayətdir ki, strateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir.