REGİONLAR
Ermənistanın təxribatı nəticəsində yaralanan azərbaycanlı mülki şəxsin vəziyyəti orta-ağırdır VİDEO
Gəncə, 14 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat nəticəsində iki mülki şəxs - Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, A.Musayev Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Həkim Ruslan Əzizov deyib ki, Asim Musayev sol bud nahiyəsindən odlu silah yaralanması diaqnozu ilə xəstəxanaya gətirilib. İlkin dəyərləndirmə zamanı onun aşağı ətrafında ciddi qan dövranı pozğunluğu, sinir toxumasının zədələnməsi aşkar olunub. Xəstəyə ilkin tibbi yardım göstərilib və dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini, dinc insanları hədəf alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycanlı mülki əhalinin hədəf alınması düşmənin iç üzünü bir daha açıq-aşkar göstərir. Düşmən qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxur, ona görə də mülki şəxsləri hədəf alır. Beynəlxalq təşkilatlar isə bunu görmək istəmir.