Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 min 700-ə çatıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 24-30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı” Mərkəzinə Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən 20 min 253 müraciət daxil olub. Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlər əsasında 2208 vətəndaşın tənha və yaşı 65-dən yuxarı olduğu nəzərə alınaraq onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanılıb.
Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 min 700 nəfərə çatıb.
Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilir.