FHN: Bayram günlərində 201 qəza-xilasetmə əməliyyatı həyata keçirilib
Bakı, 5 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 170 yanğına çıxış, 26 köməksiz vəziyyətdə qalma, 3 nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışların nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində doqquzu azyaşlı olmaqla 37 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi zamanı bir nəfərin və nəqliyyat qəzaları zamanı aşkarlanan iki nəfərin meyitləri aidiyyəti üzrə təhvil verilib.