FHN-in İdman-sağlamlıq klubunda çempionatlarda uğur qazanmış idmançılarla görüş olub
Bakı, 4 aprel, AZƏRTAC
İspaniyanın Qvadalahara şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə martın 22-dən 26-dək karate üzrə böyüklər və parakarateçilər arasında 58-ci Avropa çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışda 4 para-karateçi ilə təmsil olunan Azərbaycanın parakarate üzrə milli komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, kata üzrə parakarateçilər arasında FHN parakarate komandasının üzvləri Nihat Məmmədzadə və Eldar Əhmədov yarışın gümüş medalının sahibi olublar. Qaliblər Avropa Karate Federasiyasının medalı ilə təltif ediliblər.
Qeyd edək ki, parakarateçilərimiz çempionatda ümumi medal sıralamasında ikinci olublar.
Parakarateçilərin şəxsi məşqçiləri 1-ci dan qara kəmər sahibi Xəyal Məmmədov, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
Bundan əlavə, martın 28-dən 30-dək Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə U-20 gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda 96 klubdan 250-yə yaxın idmançı öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü 79 kq çəki dərəcəsində Nihad Əsgərov İdman-sağlamlıq klubunun baş zabiti, leytenant Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, o, çempionatda 4 görüş keçirərək bürünc medalın sahibi olub. Qalib Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının diplom və medalı ilə təltif olunub.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatlarda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.