FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 17 nəfər xilas edilib
Bakı, 1 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış, 1 nəqliyyat qəzası 13 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Sutka ərzində üçü azyaşlı olmaqla 17 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib. Həmçinin Tovuz rayonunda avtoqəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən 1994-cü il təvəllüdlü Hüseynov Vəli Əsgər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər davam etdirilir.