Finlandiya 10-dan çox ölkənin sakinləri üçün səyahət məhdudiyyətlərini ləğv edib
Bakı, 1 iyul, AZƏRTAC
Finlandiya iyulun 1-dən etibarən dünyanın 10-dan çox ölkə və ərazisinin sakinləri üçün koronavirus pandemiyası səbəbindən tətbiq edilən giriş məhdudiyyətlərini aradan qaldırıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Finlandiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyulun 1-dən etibarən İtaliya, Avstriya, Lixtenşteyn, Almaniya, Slovakiya və Çexiya, həmçinin üçüncü ölkələrdən Bolqarıstan, Albaniya, Honkonq, Yaponiya, Livan, Makao, Şimali Makedoniya və Tayvan üçün sərhəddə tətbiq olunan məhdudiyyətlər ləğv edilib.
Bununla yanaşı, bəzi ölkələrdən Finlandiyaya turist səfərləri ilə bağlı məhdudiyyətlər azı iyulun 11-dək qüvvədə qalacaq. Finlandiya hakimiyyəti həmin ölkələrdə epidemioloji vəziyyətlə bağlı dəyişiklikdən asılı olaraq siyahını mütəmadi nəzərdən keçirir.
Qeyd edək ki, Finlandiyada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət son iki ay ərzində sabitləşib və yoluxmaların sayı xeyli azalıb. Artıq ölkə əhalisinin 70 faizdən çoxu COVID-19 əleyhinə peyvəndin bir dozasını, 22 faizi isə hər iki dozasını vurdurub.