FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ GÖRÜŞ
Kəmaləddin Heydərov xalqlarımız arasında hərtərəfli əlaqələrin qədim zamanlardan mövcud olduğunu, 1918-ci ildə ermənilərin Bakıda, ölkəmizin bölgələrində dinc əhaliyə qarşı törətdikləri qırğınların qarşısını almaq üçün türk ordusunun Azərbaycana köməyə gəldiyini, qədirbilən xalqımızın bunu heç zaman unutmayacağını diqqətə çatdırmışdır.
Nazir keçən əsrin sonlarında müstəqillik əldə edildikdən sonra ümummilli lider Heydər Əliyevin iki dost və qardaş dövlət arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərini, o cümlədən hazırda ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilməsi istiqamətində səylərini qeyd etmişdir.
General-polkovnik Kəmaləddin Heydərov nazirlik yarandıqdan sonra bu qurumun rəhbəri kimi ilk səfərini məhz Türkiyəyə etdiyini, orada müvafiq nazirliyin işi ilə yaxından tanışlıqdan sonra Azərbaycanda qardaş ölkənin təcrübəsindən istifadə olunacağını və bununla əlaqədar əməkdaşlıq haqqında müvafiq sənədin imzalanacağını bildirmişdir.
Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Mehmet Ali Şahin səmimi qəbul üçün minnətdarlıq edərək, ölkələrimiz arasındakı əlaqələrin digər dövlətlərlə münasibətlərdən qat-qat yüksək səviyyədə olduğunu, Kəmaləddin Heydərovla Türkiyədə keçirdiyi görüşləri diqqətə çatdırmışdır.
Qonaq müstəqillik qazandıqdan sonra 15 il ərzində respublikamızın əldə etdiyi nailiyyətlərə, dinamik inkişafına qəlbən sevindiyini, Türkiyənin Azərbaycana hərtərəfli kömək etməyə hazır olduğunu söyləmiş, imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi olmuşdur.