FRANKFURTDA ERİX FAYQLIN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində türk dünyasının dostu, görkəmli alim, Avropa Azərbaycanlıları Konqresi İdarə heyətinin fəxri üzvü, professor Erix Fayqlın xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (DK) Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkil etdiyi tədbirdə Mayns Azərbaycan Cəmiyyəti, Almaniyadakı türk diasporunun fəal üzvləri, İğdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin təmsilçiləri iştirak etmişlər.
Mərasimdə DK sədrinin birinci müavini Valeh Hacıyev, İğdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin sədri Həsən Aydınlık, Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin prezidenti Bəşər Kömür, Höte Universitetinin professoru Hans-Peter Frühauf, Avropa Türk İslam Birliyinin fəxri sədri Musa Sərdar Çələbi çıxış etmişlər. Natiqlər görkəmli alimin türk dünyası qarşısındakı xidmətlərindən, onun “erməni soyqırımı” iddialarının heç bir tarixi əsası olmadığını sübuta yetirən əsərlərindən danışmışlar. E.Fayqlın türk xalqlarının yaddaşında dərin iz buraxdığı və bu böyük insanın xidmətlərinin unudulmayacağı bildirilmişdir.
E.Fayqlın Azərbaycanı və Türkiyəni ürəkdən sevdiyi, alimin tədqiqatlarında türk xalqlarının müasir dünyadakı yeri və rolu barədə əsərlərinin xarici ölkələrdə Azərbaycan və Türkiyə haqqında obyektiv rəyin formalaşdırılmasında çox böyük əhəmiyyətə malik olduğu xüsusi vurğulanmışdır.