SİYASƏT
Fransada Azərbaycana qarşı qərəzli kampaniyanın arxasında Makron administrasiyası dayanır - ŞƏRH
Bakı, 3 dekabr, AZƏRTAC
Məlum olduğu kimi, noyabrın 30-da Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycan əleyhinə hazırlanmış qeyri-demokratik və ədalətsiz qətnamə qəbul edib. Bu, noyabrın 15-də Fransa Senatında Azərbaycana qarşı başlamış məqsədyönlü siyasətin davamı kimi də qiymətləndirilə bilər. Bununla da Fransa hökuməti bir daha sübuta yetirdi ki, Azərbaycana qarşı aparılan kampaniyanın arxasında məhz Prezident Emmanuel Makronun administrasiyası dayanır. Fransa parlamentinin erməni lobbisindən nə qədər asılı olması bu səsvermə zamanı bir daha aydın oldu. 256 deputatın hamısının Azərbaycana qarşı eyni fikirdə olması kifayət qədər maraqlı məqamdır və özlüyündə əsaslı şübhələr yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq qeyd edib ki, ötən 25 ildə səmərəsiz fəaliyyət göstərən Minsk qrupu artıq tarixin səhifələrinə həkk olub. İndi isə Minsk qrupunu təmsil edən Fransanın belə bir addım atması, ilk növbədə, demokratiyaya, ədalət, beynəlxalq və insan hüquqlarının prinsiplərinə birbaşa ziddir. Bununla da Fransa 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, genosid, urbisid və ekosid kimi cinayətləri törədən işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Dünyada sülh, demokratiya, humanizm və insan hüquqlarının carçısı kimi tanınan Fransa dövləti bitərəfliyini sonadək saxlaya bilmədi. Azərbaycana qarşı haqsız, heç bir hüquqa əsaslanmayan qətnamələri ilə özünün beynəlxalq imicinə zərbə vurdu.
A.Əliyev diqqətə çatdırıb ki, Fransanın bu cür qərəzli siyasəti, ilk növbədə, onun Azərbaycanla diplomatik münasibətlərinə ağır zərbədir. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının (Aİ) vasitəçilik missiyası da sual altına düşdü. Məhz Fransanın ambisioz və destruktiv mövqeyi Aİ-nin son iki il ərzində qazandığı nəticələrin, eləcə də tərəflər arasında əldə edilmiş razılıqların üstündən xətt çəkdi. İndiki məqamda Fransanın bu hərəkətləri ümumilikdə Avropanın siyasi və iqtisadi təsisatlarının da işinə öz təsirini göstərəcək. Belə ki, Avropanın bir sıra dövlətlərinin enerji təminatçısı rolunda məhz Azərbaycan çıxış edir. Ölkəmiz Aİ və dolayısı ilə NATO-ya daxil olan dövlətlərin enerji təhlükəsizliyinin təminatçısıdır. Bu fonda həmin dövlətlərin Fransa tərəfindən nümayiş etdirilən saxta erməni təəssübkeşliyinə öz milli təhlükəsizliklərini qurban verməyəcəklərini demək olar.
“Bu addımlardan sonra Fransanın bölgə üzrə hər hansı bir prosesdə istənilən iştirakı yolverilməz və arzuolunmazdır. Siyasi tarixi qanla və kütləvi qətllərə yazılmış Fransa kimi dövlətin multikultural və dini dəyərlərə üstünlük verən, humanizm və demokratik prinsipləri inkişaf etdirən qalib Azərbaycanı günahlandırması qərəzdən başqa bir şey deyil. Avropada avrosentrik siyasəti uduzan Fransa, həmçinin Sakit okean hövzəsində təklənib. Bu dövlətin Qafqaz və Xəzər dənizi regionu üzrə apardığı siyasət də iflasa uğrayacaq”, - deyə A.Əliyev vurğulayıb.