MƏDƏNİYYƏT
Fransanın Azərbaycandakı səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 31 iyul (AZƏRTAC), İyulun 31-də Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini və digər əməkdaşlar Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, professor Cəfər Cəfərov 2006-cı ildə yaradılmış ATİ-nin fəaliyyəti, beynəlxalq əlaqələri və əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, tədris fəaliyyətinə 3 ixtisasla başlayan ATİ-də hazırda bakalavr səviyyəsində 11 ixtisas üzrə tələbə təhsil alır. Eyni zamanda, magistratura, doktorantura və əlavə təhsil səviyyələrində də təhsil həyata keçirilir. O, institutun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlaması və ölkədə regional turizm peşə məktəbləri şəbəkəsinin qurulması prosesi haqqında da danışmışdır.
ATİ və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr və magistr səviyyəsi üzrə imzalanan müqavilələrə əsasən beynəlxalq proqramı müvəffəqiyyətlə bitirən məzunların hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etdiyini söyləyən rektor, hazırda 72 nəfərin bu proqramı bitirdiyini diqqətə çatdırmışdır. O, 2011-ci ildən Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü” olan ATİ-nin Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya üçün Universitetlərin İttifaqı (AUDEM) təşkilatlarındakı uğurlu fəaliyyəti barədə də danışmışdır.
P.Mönye il ərzində 82 milyon turist qəbul edən Fransanın turizm sahəsində dünyanın lider ölkələrindən biri olduğunu xüsusi vurğulamışdır. Ötən il 81,4 milyon turistin səfər etdiyi Fransanın bu sahədə ABŞ, Çin və İspaniyanı geridə qoyduğunu deyən diplomat bu faktın başlıca səbəbini ətraflı şərh etmişdir. Əsasən turistlərin Parisə üstünlük vermələrinə baxmayaraq, Provans və Lacivərd sahil, Laura vadisi, Atlantik okeanı sahili və cənub-qərb regionlarına da səfər edənlərin ilbəil artdığı bildirmişdir. Hazırda Fransanın turizm sektorunda 2 milyon adam çalışır və onun illik dövriyyəsi 44 milyard avrodur. Bu isə ümumi daxili məhsulun 7 faizi deməkdir.
Səfir ATİ ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərinə də toxunmuşdur. I Fransa-Azərbaycan Universitetləri Forumunda iştirakına görə ATİ-nin kollektivinə təşəkkür edən səfir Fransanın Beynəlxalq Otel və Turizmin İdarə edilməsi məktəbi – VATEL ilə əlaqələrin yaradılması təşəbbüsü ilə çıxış etmiş, bu istiqamətdə danışıqların aparılması və əlaqələrin daha da dərinləşdirilməsi barədə ümumi razılığa gəlinmişdir.
Sonra səfirliyin əməkdaşları ATİ ilə tanış olmuşlar.