Fransanın “City” jurnalı Azərbaycanın turizm potensialından yazır
Bakı, 24 yanvar (AZƏRTAC). Fransanın “City” jurnalının 36-cı nömrəsində “Odlar yurdu - Azərbaycan” sərlövhəli məqalə dərc olunmuşdur.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın turizm potensialından bəhs edilir.
Bildirilmişdir ki, Qərb ilə Şərqin arasında əlverişli coğrafi məkanda yerləşən Azərbaycan şimalda başı qarlı dağlardan tutmuş cənubda quru səhralara qədər rəngarəng landşafta malikdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turistlərə bütün növ xidmət göstərilir. Turistlərin bu ölkədəki qış istirahət komplekslərində xizək, yayda isə dənizdə su motosikleti sürmək imkanları vardır.
Azərbaycana gələn hər kəsin qədim mədəniyyətə malik bu ölkənin gözəlliklərinə valeh olacağına və onun mətbəxindən həzz alacağına əminlik bildirilən məqalədə paytaxt Bakıda fəaliyyət göstərən “Four Seasons”, “Jumeirah Bilgah Beach” və digər beşulduzlu brend otellər haqqında məlumat verilir.
Müəllif xarici turistləri Azərbaycana səfərə dəvət edir.
Yazıda 2012-ci ildə Avropa İttifaqının “Avropa Qonşuluq Barometri” çərçivəsində keçirilmiş sorğuya əsasən, Azərbaycanda əhalinin 90 faizindən çoxunun öz hökumətinə inandığı və ölkənin inkişafından məmnunluğu vurğulanır.
Xatırladaq ki, Fransanın “City” jurnalının 35-ci nömrəsində də Azərbaycanın tarixindən, mədəniyyətindən, iqtisadi inkişafından, turizm potensialından bəhs edən məqalə yer almışdı.
İldə dörd dəfə çap edilən “City” jurnalında turizm potensialına malik ölkələr və şəhərlər haqqında məqalələr dərc olunur.