DÜNYA
Fumio Kişida Yaponiyanın baş naziri postundan gedəcəyini təsdiqləyib
Bakı, 14 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokrat Partiyası (LDP) sədrinin seçkilərindən sonra hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Kişida bu qərarını avqustun 14-də keçirdiyi təcili mətbuat konfransında açıqlayıb.
Bir sıra qalmaqallar, xüsusən LDP-yə siyasi ianələrin toplanması zamanı maliyyə hesabatı qaydalarının pozulması səbəbindən hökumətin reytinqi rekord həddə aşağı düşdüyü üçün Fumio Kişida seçkilərdə iştirak etməmək qərarına gəlib. O, həmkarlarına bildirib ki, qalmaqala görə məsuliyyəti öz üzərinə götürmək istəyir, çünki “bunu kimsə etməlidir”.
Kişida öz administrasiyasının nailiyyətləri sırasında əmək haqlarının artırılması və investisiyaların stimullaşdırılması üzrə tədbirləri, habelə Yaponiyanın dünya səhnəsində artan “aparıcı rolunu” qeyd edib.
Hakim Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçkilər sentyabrda keçiriləcək. Seçkilərin qalibi ölkənin növbəti baş naziri olacaq.