Futbol üzrə Azərbaycan Premyer Liqası “Qarabağ” komandasının çempionluğu ilə başa çatıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Suraxanı qəsəbəsindəki “Azersun Arena” stadionunda keçirilən oyunda “Qarabağ” komandası “AZAL”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunda Mahir Mədətov (22), Migel Madera (31) və Dani Kintana (41) fərqləniblər.
“Kapital Bank” arena stadionundakı oyunda isə “Sumqayıt” klubu “Neftçi” ilə görüşüb. Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə sumqayıtlılar 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı 14-cü dəqiqədə Araz Abdullayev açıb. Matçın 18-ci dəqiqəsində Vaqif Cavadov hesabı bərabərləşdirib. Oyunun 63-cu dəqiqəsində Amil Yunanov komandasının qalibiyyət qolunu vurub - 2:1.
Bununla da Premyer Liqanın 2015-2016-cı il mövsümü başa çatıb. Çempionatı 81 xalla birinci sırada başa vuran “Qarabağ” komandası çempion adını qazanıb. Hesabında 62 xal olan “Zirə” çempionatın gümüş medalına sahib olub. Hər ikisinin aktivində 59 xal olan “Qəbələ” komandası üçüncü, “İnter” isə dördüncü sırada qərarlaşıb. Onlardan 3 xal az toplayan “Kəpəz” isə Premyer Liqanı beşinci sırada başa vurub. “Neftçi” 49 xalla altıncı, “AZAL” 46 xalla yeddinci, “Sumqayıt” isə 36 xalla səkkizinci yeri tutub. “Rəvan” 18 xalla doqquzuncu, “Xəzər-Lənkəran” isə 15 xalla sonuncu pillədə qalıb.