Gənc könüllülər koronavirusla mübarizədə fəallıq göstərirlər
Göyçay, 30 mart, AZƏRTAC
Göyçay rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə yaşı 65-dən yuxarı olan və evdən çıxmaları qadağan olunan tənha insanlara sosial xidmətlərin göstərilməsində gənc könüllülər yüksək fəallıq, vətənpərvərlik və xeyirxahlıq nümayiş etdirirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, könüllülər mütəmadi olaraq Göyçay şəhərində, eləcə də kənd yaşayış məntəqələrində ahıl, tənha vətəndaşların evlərinə gedir, onları gündəlik zəruri ərzaq məhsulları, tibbi ləvazimatlarla təmin edirlər. Könüllülər tənha, yaşlı insanları ziyarət edərkən onlarla maarifləndirici söhbətlər aparır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejim barədə məlumatlar verirlər.
Gənc könüllülər Operativ Qərargahın məlumat və tapşırıqlarının xüsusi hazırlanan elan lövhəsinə mütəmadi yerləşdirilməsini də təşkil edirlər.