“GƏNC LİDERLƏR” UŞAQ TƏŞKİLATI İLİN FƏALLARINI MÜƏYYƏNLƏŞDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Gənc Liderlər” Uşaq Təşkilatı “Uşaqların dostu” nominasiyası üzrə apardığı sorğu və monitorinqlərin nəticələrini açıqlamışdır.
İlin yekunlarına həsr olunmuş toplantıda çıxış edən qurumun rəhbəri Fərid Şahbazlı 2007-ci ilin uşaq hüquqları sahəsində uğurlu il olduğunu bildirmişdir. O, dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini, həmin qeyri-hökumət təşkilatlarının da fərqləndiyini bildirmişdir.
F.Şahbazlı 2007-ci ilin fəal şəxs və qurumlarını müəyyənləşdirmək məqsədi ilə keçirdikləri sorğu və monitorinqlər barədə məlumat vermişdir. Ümumilikdə 3 mindən artıq respondent arasında keçirilən sorğunun nəticələrinə görə, təhsil naziri Misir Mərdanov təhsilimizdəki islahat və yeniliklərə görə “İlin adamı”, deputatlar Qənirə Paşayeva, Fəttah Heydərov, Ülvi Quliyev, Zahid Oruc, Aqil Abbas və Fuad Muradov uşaq təşkilatları ilə sıx əməkdaşlığa, Nizami Cəfərov, Yaqub Mahmudov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Uşaqların dostu” adına layiq görülmüşlər. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova isə ədəbiyyatımızın inkişafındakı əməyinə görə fərqlənib.
Uşaqların hüquqları, problemləri barədə informasiyaların ictimaiyyətə operativ çatdırılmasına görə, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) “İlin informasiya agentliyi” seçilmişdir.