Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib
Gəncə, 13 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Magistratura şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, çiçəklənməsi və qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Prorektor çıxışında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması istiqamətində Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti nəticəsində əldə edilən uğurlardan söz açıb.
Universitetin Magistratura şöbəsinin müdiri Emin Yaqubov Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası istiqamətində əvəzsiz xidmətlərindən bəhs edib.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında və inkişafında rolu” məruzələri ilə çıxış ediblər.
Tələbələr çıxışlarında ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, dövlət gənclər siyasətinin yaratdığı geniş imkanlardan danışıblar.