Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
Bakı, 5 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon polis idarəsinin və “Təhlükəsiz Şəhər” Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Emin Əsgərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı E.Əsgərovun şəhərin müxtəlif yerlərində 4 ödəmə terminalını sındıraraq ümumilikdə 9187 manat məbləğində pul oğurladığı müəyyənləşdirilib.
E.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun şəhər ərazisində digər analoji cinayət törədib-törətməməsi araşdırılır.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.