Gənclər arasında güləş üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Bakı, 18 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
Fevralın 18-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər barədə məlumat veriblər. Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, ötən il Azərbaycan güləşi üçün uğurlu olub. Güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Ötən il dünyanın ən yaxşı sərbəst və yunan-Roma güləşçisinin Azərbaycan idmançıları olması da Azərbaycanda idmanın, o cümlədən güləşin sürətlə inkişaf etdiyini göstərir.
Sonra Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib və yarış açıq elan olunub.
İki gün davam edəcək birincilikdə 500-dən çox güləşçi mübarizə aparır.
Yarışın keçirilməsində məqsəd ölkəmizdə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin qaydalarına əsasən təşkil olunan yarış şəxsi xarakter daşıyır. Turnirdə klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak edirlər.
Yarışın ilk günündə sərbəst güləş üzrə 163 gənc pəhləvan mübarizə aparır.