Gənclər “Kitab qoy, kitab götür” layihəsində fəal iştirak edirlər
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki Saat meydanında “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsi çərçivəsində keçirilən tədbirdə gənclər fəal iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd kitab mütaliəsinə marağın artırılmasıdır.
Tədbirdə gənclərə oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin yer aldığı bədii kitablar təqdim edilib. Kampaniyada iştirak edən gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdiriblər.