GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri: Korrupsiyanın özü də adaptasiyaya uğrayır

Bakı, 20 may, AZƏRTAC
Korrupsiya sərhəd tanımırsa, bu, bizim ədalət prinsiplərinə sadiqliyimizi daha da gücləndirməlidir. 2021-ci ilin iyununda təsis olunduqdan sonra GlobE Şəbəkəsi dünyanın hər bir regionunda olan müvafiq orqanları bir araya gətirib. Hamımızın qarşısında duran məqsəd eynidir. Əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkail BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network-çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində deyib.
Sədr birgə gedilən yolun son illərdə çox gözəl nəticələr verdiyini bildirərək deyib: "Şəbəkəmizə həm təcrübə aparanlar, həm də digər mütəxəssislər qoşulub. Qarşımızda aydın əməliyyat məqsədi var idi. Sürətlə işlərimizi apararaq hərtərəfli şəkildə əlaqələr quraq və qərarlar qəbul edək. Bu gün biz yolumuzu davam etdiririk . Növbəti günlər ərzində yeni imkanları nəzərdən keçirəcəyik. Biz baxacağıq ki, innovasiya və texnologiya işimizi hansı şəkildə gücləndirə bilər, ölkələrdə yaşayan vətəndaşlar korrupsiyadan necə qurtula bilər və mübarizə hansı şəkildə aparılmalıdır, oğurlanmış vəsaitlər necə qaytarılmalıdır, bu işlər cəmiyyət üçün hansı real nəticə verməlidir? Beynəlxalq əməkdaşlıq daha sürətli və effektiv şəkildə necə aparıla bilər? Gündəliyə nəzər salsaq görə bilərik ki, orada zəmanəmizin reallığı əks olunub. Korrupsiyanın özü də adaptasiyaya uğrayır. Onda biz də bunu etməliyik. Süni intellekt, sürətli maliyyə tranzaksiyaları və ortaya çıxan iri cinayət növləri. Bütün bunlar uzaqda duran bir çağırış deyil, onlar bu günün reallığıdır. Texnologiya, vəsaitlərin qaytarılması və beynəlxalq hüquqi əməkdaşlıq kimi mövzular ətrafında müzakirələrdə seçim olmalı deyil. Biz hər zaman bir addım öndə olmalıyıq".
Nasser Abaalkail GlobE Şəbəkəsinin gücünün onun rəqəmində yox, insanlarında, ekspert bacarıqlarında olduğunu vurğulayıb: "Bizim ümumi məqsədimiz bacarıqları formalaşdırmaqdır. Bunu nəzərə alaraq bu plenar iclas sırf çağırışların müzakirəsi ilə bağlı deyil. Burada həll variantları formalaşmalı, onlar təcrübə yolu ilə bölüşülməli və real dünyada nəticə gətirə biləcək əməliyyatlar formalaşdırılmalıdır. Biz öz səylərimizi bundan sonra da davam etdirəcəyik ki, şəbəkə daha dinamik və etibarlı platforma olsun".