Gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üzrə ixtisasartırma təlimləri başa çatıb
Bakı, 2 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə mayın 17-dən iyunun 30-dək onlayn formada keçirilən ixtisasartırma təlimləri başa çatıb. Onlayn təşkil olunmuş təlimlərin qiymətləndirmə mərhələsi pandemiya dövründə karantin rejiminin tələbləri nəzərə alınmaqla əyani formada keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov pandemiya dövründə akademiyada tədris prosesi və təlimlər onlayn formada təşkil olunduğunu deyib. Akademiya rəisi ölkəmizdə karantin rejiminin yumşaldılması nəzərə alınaraq,altı həftəlik onlayn təlimlərin yekununda qiymətləndirmənin əyani formada həyata keçirildiyini bildirib.
Təlimlərin əsas məqsədi gömrük xidməti əməkdaşlarına zəruri olan biliklərin verilməsidir deyən akademiya rəisi müxtəlif modullar üzrə təlim proqramları hazırlandığını diqqətə çatdırıb. Xidmətə ilkin hazırlıq təlimləri, hüquq-mühafizə ilə bağlı ixtisasartırma təlimləri, həmçinin sərhəddə xidmət edən gömrük əməkdaşları üçün ingilis dili təlimlərinin təşkilindən söz açan Q.Novruzov hər bir təlimin fərqli modulunun olduğunu bildirib. Akademiya rəisi vurğulayıb ki, 2021-ci ilin ilk 6 ayı ərzində 178 gömrük xidməti əməkdaşı xidmətə ilkin hazırlıq təlimlərində, ümumilikdə, 333 gömrük xidməti əməkdaşı akademiyada təşkil olunan təlimlərdə iştirak edib. Q.Novruzov bütün dinləyicilərə uğurlar arzulayıb.
Sonra təlimlərdə iştirak etmiş gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi keçirilib.
Qeyd edək ki, təlimlərdə 60 gömrük xidməti əməkdaşı iştirak edib.