GORANBOYDA 6 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
İdarə, müəssisə, bələdiyyə rəhbərlərinin, icra strukturları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə qeyd olunmuşdur ki, ötən illərdə olduğu kimi, cari ilin 6 ayında da respublikamızda yüksək iqtisadi inkişafa nail olunmuşdur və bu inkişaf Goranboy rayonunun timsalında aydın görünür. Belə ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində çalışanlar 10,1 milyon AZN qazanc əldə etmişlər. Bunun 3,1 milyon manatı heyvandarlığın, 7 milyon manatı isə əkinçiliyin payına düşür. Aqrar sahədə rentabellik səviyyəsi 21,6 faizə yüksəlmişdir.
Qeyd edilmişdir ki, cari ilin birinci yarısında vergi daxilolmalarına 131,8 faiz əməl edilmiş, büdcəyə 480,2 min manat məbləğində vəsait ödənmişdir. Bunun 62 faizi qeyri-dövlət sektorunun hesabınadır.
Diqqətə çatdırılmışdır ki, qazanılan bu uğurlar rayonda aparılan abadlıq-quruculuq işlərinin həcminin artırılmasına da müsbət təsir göstərmişdir. Magistral yolların Goranboy, Dəliməmmədli və Qızılhacılı qəsəbəsindən keçən hissəsində yeni işıqlandırma sistemi quraşdırılmışdır. Goranboy şəhərinin küçələrində 1414 kvadratmetrlik səkilər salınmış, 39 min kvadratmetrə asfalt, 20,5 kilometr kəndarası yola isə çınqıl döşənmişdir. Bunlarla yanaşı, rayonun təhsil və səhiyyə ocaqlarının təmiri, lazımi avadanlıqla təminatı sahəsində xeyli iş görülmüşdür.
Müşavirədə nöqsanlardan da danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, ölkəmizin başçısının Nazirlər Kabinetinin iclasında söylədiyi nitqdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş qərar qəbil edilmişdir.