COP29
Gürcüstanda COP29-la bağlı maarifləndirici aksiyalar davam edir
Tbilisi, 23 noyabr, AZƏRTAC
Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəblilərin, tələbələrin və gənclərin iştirak etdiyi tədbirdə mərkəzin direktoru Raidə Dərziyeva iqlim dəyişmələri, qlobal istiləşmə, təhlükəsiz enerji mənbələri və s. məsələlər barədə ətraflı məlumat verib. Direktor Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları qeyd edib.
Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.
O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanın işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib.
Tədbirdə şagirdlərə enerjiyə və içməli suya qənaət etmək, həmçinin ətraf mühiti qorumaq üçün hansı şərtlərə riayət etmək barədə də ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb.
Sonda iştirakçılara Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər paylanılıb.
Şagirdlər məlumatlandırıcı kitabçaları şəhər sakinlərinə və şəhər ətrafında azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yerləşən kənd məktəblərinə paylayıblar.
Daha bir məlumatlandırıcı aksiya Marneuli şəhərində fəaliyyət “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM) tələbələri və gəncləri tərəfindən keçirilib. COP29 konfransı ilə bağlı Azərbaycan və gürcü dillərində çap olunmuş bukletlər GAİM tərəfindən Marneuli şəhərinin sakinlərinə, məktəb şagirdlərinə və gürcü ictimaiyyətinə paylanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi