Gürcüstandan daha 150-yə yaxın azərbaycanlı təxliyə olunub
Tbilisi, 29 iyul, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi iyulun 29-da daha 150-yə yaxın azərbaycanlının ölkəmizə təxliyəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, təxliyə olunan azərbaycanlılar Tbilisidə koronavirus testindən keçiriliblər. Onların hamısının testinin cavabı neqativ olub.
Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, 100-ə yaxın soydaşımız, o cümlədən səkkiz Rusiya və bir Türkiyə vətəndaşı var.
COVID-19 arayışı alan insanlar səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar. Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.
Sonra onlar karantində saxlanılacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi