HAVANA KARNAVALI HƏLƏLİK KEÇİRİLMƏYƏCƏK
Ümumiyyətlə isə, onlar avqustun 5-də Kuba paytaxtının küçələrində bayram keçirmək istəyirdilər. Lakin Kastronun səhhətindəki problemlərə görə, təşkilatçılar Havanada karnavalı başqa vaxta keçirməyi qərara almışlar. Kuba Dövlət İnformasiya Agentliyi bildirmişdir ki, şənliklərin vaxtı elan ediləcəkdir. Təşkilatçıların sözlərinə görə, bu dəfə karnaval ötən illərdəkinə nisbətən az təntənəli olacaqdır.
Məlumdur ki, iyulun 31-də Kastro bağırsağında cərrahi əməliyyat aparılması ilə əlaqədar öz səlahiyyətlərini müvəqqəti olaraq 75 yaşlı qardaşı Raula vermişdir. Yarım əsrdə ilk dəfədir ki, Kastro cilovu əldən buraxmışdır.
İnqilab rəhbərinin ABŞ-da yaşayan bacısı Xuanitanın dediyinə görə, o, intensiv terapiya şöbəsini artıq tərk etmişdir. Xuanita Kastro Si-En-En telekanalına müsahibəsində bildirmişdir ki, bu informasiyanı Havanadan qeyri-rəsmi yolla almışdır. O, Cənubi Floridada gəzən şayiələri təkzib edərək demişdir: “Fidel ciddi xəstədir, amma ölməyib”. Xuanita qardaşı ilə əlaqələri 1963-cü ildə kəsmişdir və o vaxtdan Mayamidə yaşayır.