Helsinkidə “II Global Shared Societies” Forumuna hazırlıq prosesi müzakirə edilmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Finlandiyanın paytaxtı Helsinkidə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin təsisçi üzvü, Finlandiyanın sabiq prezidenti Tarya Halonenin təşkilatçılığı ilə cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan “II Global Shared Societies” Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin sentyabrında Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumunun təşkil olunmasına nəzarət üçün Tarya Halonenin də iştirakı ilə Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun üzvü xanım Vayra Vike-Freyberqa, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov, Hollandiyanın sabiq Baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin və bir çox digər tanınmış simaların cəlb olunduğu Beynəlxalq Təşkilat Komitəsi yaradılmışdır.
“II Global Shared Societies” Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcəkdir. Birinci Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq dövlət və hökumət rəhbəri cəlb olunmuşdur.
Görüşdə Prezident Tarya Halonen 2015-ci il Minilliyin İnkişaf Proqramı çərçivəsində Forumun regionun təcrübəsinin dünyaya təqdim edilməsində böyük əhəmiyyət daşıdığını vurğulamışdır. O, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, ətraf mühitin qorunması, davamlı iqtisadi inkişaf proqramı və qadınların cəmiyyətdə fəallığı kimi diqqət mərkəzində olan mövzuların müzakirəsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Cari ilin aprel ayında keçiriləcək “II Global Shared Societies” Forumunun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərlərinin, o cümlədən dünyanın tanınmış ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulur.