“Heydər Əliyev kuboku – 2016” turnirinin qalibləri müəyyənləşib
Bakı, 14 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bakıda keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan boksçuları uğurlu çıxışları ilə fərqləniblər. Federasiyanın Boks Mərkəzində keçirilən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İsrail, İran, Macarıstan, Özbəkistan, Monteneqro və Xorvatiyadan dəri əlcək sahibləri mübarizə aparıblar.
İdmançılar ümumilikdə 13 çəki dərəcəsində qalib və mükafatçıları müəyyən ediblər. Turnirdə Gəncə boks məktəbinin yetirməsi Nəbi İsgəndərzadə (48 kq) finalda gürcüstanlı Mamuka Abuladzeni məğlub edərək yarışın qızıl medalına sahib olub. N.İsgəndərzadə, eyni zamanda, turnirin ən texnikalı idmançısı üçün nəzərdə tutulan xüsusi mükafata da layiq görülüb. Elşən Cəbizadə (52 kq) isə rusiyalı İlya Popova qalib gələrək baş mükafatın sahibi olub. Nicat Həsənov (57 kq) və Məhərrəm Məhərrəmzadə (50 kq-dək) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.
Ümumilikdə Azərbaycan boksçuları 2 qızıl, 2 gümüş və 7 bürünc medalla komanda hesabında ikinci yeri tutublar. Onlar yalnız rusiyalı idmançılardan geri qalıblar. İlk üçlüyü isə Qazaxıstan boksçuları tamamlayıb.