“HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN” DÖRDCİLDLİYİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-də Azərbaycanda Atatürk Mərkəzində “Gənc Liderlər” Uşaq Təşkilatının təşəbbüsü ilə ulu öndərin 86-ci ildönümü ilə bağlı Milli Məclisin deputatı, əməkdar jurnalist, yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı dördcildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilmişdir.
Təşkilatın sədri Fərid Şahbazlı bildirmişdir ki, təqdimat mərasimində paytaxtın 15 təhsil ocağını təmsil edən ən istedadlı məktəblilər iştirak edirlər. Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr edilmiş kitabla bağlı zəngin məlumata malikdirlər. Daim uşaqlara, eləcə də gənc nəslə böyük qayğı və diqqətlə yanaşan ulu öndər Heydər Əliyev haqqında yazılmış bu kitab bir çox baxımdan olduqca dəyərlidir. Böyük faktoloji və politoloji materialın toplandığı kitabda ümummilli liderin həyat və fəaliyyətindən az məlum olan faktlar və epizodlar, müəllifin şərhləri ilə müşayiət olunan eksklüziv informasiyalar yer almışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Nizami Cəfərov, Zahid Oruc, Asim Mollazadə və başqaları vurğulamışlar ki, bu kitab həm də gələcək nəsillərə, eləcə də Heydər Əliyev siyasi irsini tədqiq edən alimlərə ünvanlandığı üçün qiymətlidir.
Bildirilmişdir ki, Azərbaycan xalqının tarixində hələ sağlığında prinsipiallıq, xalqına məhəbbət, ədalətlilik kimi parlaq insani keyfiyyətləri, eyni zamanda, müasir cəmiyyətdə baş verən mənfi hallara qarşı barışmazlığı ilə müasirlərini heyran qoyan şəxsiyyətlərə az-az rast gəlmək olar. Tanınmış yazıçı-publisist, “Naşirin qətli”, “Şüşə saray” və digər romanların müəllifi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bioqrafiyasının müxtəlif tarixi dövrlərinin siyasi cəhətlərini və şəxsiyyətinin miqyasını əks etdirə bilmiş Elmira Axundovanın kitabının baş qəhrəmanı məhz belə şəxsiyyətdir. Bu böyük şəxsiyyət və zəmanəmizin görkəmli siyasi xadimi ilə ünsiyyətdə olmaq, işləmək, onu səfərlərdə müşayiət etmək xoşbəxtliyi nəsib olmuş Elmira Axundova bu insan haqqında onun səviyyəsinə, əzəmətinə layiq bir kitab yazmışdır.
Elmira Axundova demişdir ki, bu kitabı yazarkən məlum çətinliklərlə üzləşmişdir. Çünki Heydər Əliyevin adı ilə bağlı olan işlərin hər biri zərrəsinə qədər qiymətlidir. Ümummilli lider sovet hakimiyyəti illərində respublikaya başçılığı dövründə ölkəmizin nüfuzunu qaldırmış, 1993-cü ildə viran edilmiş Vətənə qayıdaraq onu, əslində, yenidən dirçəltmişdir. Onun fenomenal rəhbərliyinin digər göstəricisi bu idi ki, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət olsun - elə bir sahə yox idi ki, ulu öndər həmin sahəyə xüsusi diqqət yetirməsin. Bu kitablar gənclərin milli-mənəvi dəyərlərə yiyələnmələri, xalqını, millətini sevən böyük şəxsiyyəti yaxından tanımaları üçün əvəzsiz mənbədir.
Hazırda bu silsilədən olan daha iki yeni cild üzərində iş aparılır.
######
