“HEYDƏR ƏLİYEV: ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABININ GƏNCƏDƏ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış yazıçı və jurnalist, ictimai xadim, Milli Məclisin deputatı, ”Şöhrət” ordenli Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman” ikicildliyinin Gəncədə təqdimat mərasimi keçirilmişdir.
Ümummilli liderimizin adını daşıyan muzeydə keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitabın təqdimatının ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirilməsini mühüm hadisə kimi qiymətləndirmişdir.
Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin rəhbəri, əməkdar incəsənət xadimi, şair Məmməd Alim tanınmış yazıçı və publisist, ictimai xadim Elmira Axundovanın həyat və yaradıcılığı barədə mərasim iştirakçılarına geniş məlumat vermiş, böyük zəhmət bahasına ərsəyə gəlmiş “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabının bəzi məqamlarını iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, şəhər təhsil idarəsinin rəisi Mahal Əliyev, ”Novosti Qendja”qəzetinin redaktoru İrina Kalaşnikova, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikov, 4 nömrəli orta məktəbin direktoru Əkrəm Əsgərov və başqaları kitab haqqında ürək sözlərini söyləmiş və bildirmişlər ki, böyük şəxsiyyət Heydər Əliyevin siyasi bioqrafiyasını əks etdirən digər əsərlər kimi, bu ikicildlik də ölkəmizin ictimai və mədəni həyatında hadisəyə çevrilmişdir.
Kitabın müəllifi Elmira Axundova mərasim iştirakçılarına minnətdarlıq etmiş və “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi adlandırmışdır. Müəllif gərgin zəhmət bahasına ərsəyə gəlmiş əsərdə ulu öndərin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq üçün 5 il dövlət arxivlərində və şəxsi arxivlərdə apardığı araşdırmalardan danışmış, bunu ömrünün şərəfli illəri kimi səciyyələndirmişdir.
Ulu öndər Heydər Əliyevlə xarici səfərlərindən bəhs edən fotoşəkillərin nümayişindən sonra Elmira Axundova əsərin növbəti cildləri üzərində apardığı tədqiqat işləri barədə məlumat vermişdir.