“HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABININ TƏQDİMATI
AZƏRTAC xəbər verir ki, dekabrın 11-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində tanınmış Azərbaycan
yazıçısı, publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının ilk iki cildinin (Azərbaycan dilində) təqdimatı olmuşdur. Mərasimə toplaşanlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
E.Axundova dostlarında heyranlıq, bədxahlarında paxıllıq hissləri, tarixçilərdə çoxsaylı suallar doğuran Heydər Əliyev fenomeni haqqında monoqrafiyanın yaranma tarixini qısaca xatırlatmışdır. Müəllifin ulu öndərlə şəxsi tanışlığı kitaba xüsusi emosionallıq və səmimiyyət vermişdir.
Çoxcildlik roman-tədqiqat (bu monoqrafiyanın 6 cilddən ibarət olması nəzərdə tutulur) müəllifin dördillik gərgin zəhmətinin bəhrəsidir. E.Axundova ümummilli liderin şəxsi arxivindən istifadə etmək imkanı yaratmış Prezident İlham Əliyevə təşəkkür etmiş, Heydər Əliyev Fondunun göstərdiyi köməyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. Lakin kitab üzərində iş bununla bitmir. Çoxcildliyin üçüncü cildində sensasiya xarakterli materiallar toplanacaqdır. Məsələn, çoxları heç bilmir ki, SSRİ Nazirlər Soveti yanında Xüsusi Məsələlər üzrə Komitə (XMK) deyilən bir qurum mövcud idi və ona Heydər Əliyev başçılıq edirdi. Burada ayda bir dəfə keçirilən müşavirələrdə ən təxirəsalınmaz məsələlər həll edilirdi. Müşavirələr arasındakı dövrdə bir sıra siyasi xadimlər, o cümlədən bədnam Mixail Qorbaçov da konkret kömək üçün Heydər Əliyevə müraciət edirdi. “Heydər Əliyev və onun ətrafı” adlı növbəti kitabda Heydər Əliyevin Moskvada olduğu ən dramatik illərdən, onun Mixail Qorbaçovla qarşılıqlı münasibətlərinin tarixindən söhbət açılacaqdır.
Kitabı ruscadan tərcümə edən əməkdar jurnalist, “Respublika” qəzeti baş redaktorunun müavini Nərgiz Qurbanova demişdir ki, indiyə qədər Heydər Əliyev haqqında, əsasən, onun bir siyasi lider - öz xalqını tərəqqiyə doğru aparmağı bacaran qurucu insan kimi malik olduğu keyfiyyətlərdən bəhs edilmişdir. Müəllifin materiala dərindən bələd olması ilə fərqlənən bu kitabda isə Heydər Əliyevin bir sıra yeni insani keyfiyyətləri açıqlanır. Oxucular bunu necə deyərlər, birnəfəsə oxuyacaqlar. Yəqin ki, üçüncü kitab daha məzmunlu, daha maraqlı olacaqdır.
Kitabın digər tərcüməçisi, filologiya elmləri namizədi Yaşar Quluzadə bu nəşrin nadir daxili energetikaya malik olmasını vurğulayaraq, demişdir ki, bəzən bu keyfiyyət əsl tərcüməçi işini ikinci plana keçirirdi.
Elmira Axundova öz kitabında Heydər Əliyevin sənədlərlə işləmək mədəniyyəti haqqında da yazır. Y.Quluzadə demişdir: “Bu kitab onu göstərir ki, Elmira xanım özü sənədlərlə işləmək sahəsində yüksək mədəniyyətə malikdir və bu da onun tədqiqatının obyektivliyini təmin edir”.
Kitabın poliqrafik məziyyətlərini də qeyd etməmək olmaz. Yeni nəşrin tərtibçisi İçərişəhər tarix-memarlıq kompleksinin baş rəssamı, əməkdar rəssam İsmayıl Məmmədovdur.